Şəhid Adil Rzayevin ailə üzvlərinin qayğıları diqqət mərkəzində saxlanılacaq
Bakı, 23 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların rəhbər şəxslərinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin ailəsi ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan ailənin yaşayış vəziyyəti ilə tanış olan xidmət rəisi ailənin dövlətin qayğısı ilə əhatə olunduğunu və ailə üzvlərinə müvafiq sosial ödənişlərin təyin edilməsi işlərinin aparıldığını bildirib.
Son günlərdə bəzi saytlarda şəhidin anası Hüseynova Məhbubə Almaz qızının işdən çıxarılması ilə bağlı yayılmış məlumatın da əsassız olduğu qeyd edilib. Bildirilib ki, e-sistemdə onun əmək müqaviləsi qüvvədədir.
Xidmət tərəfindən M.Hüseynovanın işlədiyi müəssisə ilə əlaqə saxlanılarkən müəssisədən də onun işinə davam etdiyi və müqaviləsinə xitam verilməsinin nəzərdə tutulmadığı bildirilib. Şəhid anasına onun işinə davam etməsi məsələsinin bundan sonra da xidmətin nəzarətində olacağı bildirilib.
Görüş zamanı şəhidin iki qardaşına işsiz olduqları üçün münasib iş, həmçinin növbədənkənar özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib.
Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alındıqları halda gələcəkdə növbəlilik əsasında evlə təmin edilə biləcəkləri barədə də məlumat verilib.