CƏMİYYƏT
Şəhid anası: Rövşən Vətəni hamımızdan çox sevdi...
Bakı, 27 sentyabr, AZƏRTAC
Rövşən hələ doqquzuncu sinifdə oxuyanda Ağdama, o zaman mövcud olan ön cəbhəyə yollanmışdı. Lakin onu geri qaytardılar. Vətənə, hərbi sahəyə sevgisi o qədər böyük idi ki, həmin məhəbbətlə də ordu sıralarına cəlb olundu. Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla paralel qrupda təhsil almışdı. Tovuz döyüşləri zamanı Rövşən ehtiyatda olan zabit olsa da adını ön cəbhəyə yazdırdı. Həmin vaxtlar o, ikinci ixtisası üzrə bank sahəsində çalışırdı. Generalımızın şəhid olduğunu eşidən kimi dedi ki, mən qala bilmərəm, cavan, gənc əsgərlərim şəhid olurlar, mən də getməliyəm.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Nurzadənin anası Gülcamal Nurəliyeva deyib.
O, sözlərinə belə davam edib: “Vətən müharibəsi başlayanda Rövşən döyüşə könüllü olaraq getdi. Müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl istiqamətlərindən başlayan döyüş yolu Şuşaya qədər uzandı. Noyabrın 6-da Şuşada şəhid oldu.
Rövşən Vətəni hamımızdan çox sevdi, torpaqlarımızın azad edilməsi uğrunda canından keçdi. İki övladını isə əmanət qoyub getdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz azad Qarabağda rahatlıqla gəzir, qurub-yaradır və məskunlaşa bilirik".