Şəhid Elvin Məmmədovun xatirəsi yad edilib
Göyçay, 1 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayın Ləkçıplaq kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Elvin Mübariz oğlunun şəhadətə yüksəlməsinin beşinci ildönümü qeyd edilib. Mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə onun ömür yolu qəhrəmanlıq dastanı kimi yada salınıb. Çıxış edənlər vurğulayıblar ki, o, Vətən sevgisini canı ilə sübut edib, mərdliyi və əqidəsi ilə xalqımızın yaddaşında əbədi iz qoyub.
Mərasimdə şəhidin döyüş meydanında göstərdiyi rəşadət, silahdaşları ilə çiyin-çiyinə düşmənə qarşı apardığı mübarizə böyük qürur hissi ilə qeyd olunub. Onun adı təkcə ailəsinin deyil, bütöv bir xalqın fəxarət ünvanına çevrilib. Bildirilib ki, şəhidimizin qəhrəmanlığı Azərbaycan tarixində əbədi yaşayacaq.
Anım tədbirinin sonunda kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Şəhid Məmmədov Elvin Mübariz oğlu 1996-cı il noyabrın 26-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.