Şəhid idmançının xatirəsinə həsr olunan ağırlıqqaldırma yarışı keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Cəlilabad rayonu Göytəpə şəhərinin 1 saylı orta məktəbinin idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və “Ümüd Qasımzadə” Ağır Atletika Klubunun birgə təşkilatçılığı ilə şəhid ağırlıqqaldıran Ümüd Qasımzadənin xatirəsinə həsr olunan regional birincilik keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə respublikanın 5 şəhər və rayonundan 70-ə yaxın atlet medallar uğrunda mübarizə aparıb.
Yarışın açılış mərasimi Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Dövlət Himni səslənib. Tədbirdən sonra Ümüd Qasımzadənin qəbri ziyarət edilib.
Yarışda isə Məhəmməd Rüstəmli (32 kiloqram), Roman Hüseynzadə (36 kiloqram), Zəfər Hüseynzadə (40 kiloqram), Murad Abdullayev (45 kiloqram), Feyzulla Rüstəmov (49 kiloqram) Əlimehdi Hüseynov (49 kiloqram, 15-16 yaşlılar), Əliəkbər Sadıxov (55 kiloqram), İlham Əkbərov (55 kiloqram, 15-16 yaşlılar), Əbdülhüseyn Hüseynov (61 kiloqram), Dəniz Bağırov (61 kiloqram, 15-16 yaşlılar), Samir Rzayev (67 kiloqram), Tural Hüseynov (73 kiloqram), Əli Mikayılov (73 kiloqram, 15-16 yaşlılar), Sadiq Əliquliyev (+72 kiloqram , 15-16 yaşlılar) və Abbas Qasımov (81 kiloqram) öz çəki dərəcələrində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.