Şəhid portretləri üzərində çalışan gənc rəsm həvəskarı
Ağsu, 5 fevral, Adil Ağayev, AZƏRTAC
Ağsuda çoxları həyatının 18-ci ilini yaşayan Sevil Soltanovanı gözəl əl qabiliyyəti olan bir rəsm həvəskarı kimi tanıyır. Quaş boya ilə çəkdiyi portretlərdə hər kəsin nəinki özünəməxsuz sifət cizgilərini məharətlə təsvir edir, hətta baxışlarındakı məxsusiliyi də açmağa nail olur. Məhz bu qabiliyyət, bacarıq Sevilin əl işlərinə marağı artırıb. Nəticədə ötən il Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də onun Ağsunun mərkəzində, Heydər Əliyev parkında rəsmlərinin sərgisi açılıb. Sərgidə, həm də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayon sakinlərindən 10 nəfərinin portreti nümayiş etdirilib. Dekabrın 12-də rayondakı Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım günündə, habelə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunan sərgilərdə də Sevilin əl işlərindən ibarət guşəyə hər kəs heyranlıqla tamaşa edirdi.
Gənc rəsm həvəskarı hazırda Vətən müharibəsində şəhid olan 36 ağsulunun portreti üzərində çalışır. Yaşadığı ictimai yaşayış evində bir otaq onun iş yeridir. Hələlik 15 nəfər şəhidin portreti hazırdır. Sevil hazır olan portretlərdən 10-nu artıq şəhidlərin ailələrinə təqdim edib və onun bu hərəkəti minnətdarlıqla qarşılanıb.
Sevil həm də Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, şəhidlər Cəbrayıl Dövlətzadənin, Xudayar Yusifzadənin də gözəl portretlərini yaradıb və sərgilərdə nümayiş etdirir.
AZƏRTAC-ın bölgə müxbirinin necə olub ki, sizdə portret janrına bu qədər maraq yaranıb? sualını cavablandıran rəsm həvəskarı deyib: “Aşağı siniflərdə oxuyarkən rəsmə böyük həvəsim var idi. Daha çox mənzərə şəkilləri çəkərdim. Vətən müharibəsindəki qələbəmiz, torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən oğullarımızın gələn cənazəsi, dəfn mərasimləri məndə onların portretlərini çəkib ailələrinə vermək istəyi yaratdı. Çəkməyə başladım. İlk vaxtlarda çox çətinliklər yaşayırdım. Amma inadımdan, istəyimdən dönmədim”.
Sevil Soltanova, həm də idmançıdır. 7-ci sinifdən, hələ Bakıda oxuyarkən idmanın hapkido döyüş növü ilə məşğul olub, müxtəlif yerli və beynəlxalq yarışlarda birincilik qazanıb.
Qeyd edək ki, Sevil 2004-cü ildə Qazaxıstanın Aktau şəhərində anadan olub. 5 yaşında ailəsi ilə Azərbaycana gəlib. 3 il Bakıda yaşayıblar. Atası Mahir Soltanov əslən Ağsuludur. 2010-cu ildə ailə rayona gəlib. Orta məktəbi Pirhəsənli kəndində qurtarıb. İndi həyatının ən gözəl illərini yaşayan Sevil sevdiyi rəssamlıq sənəti ilə məşğuldur.