Şəhidin ad günü məzarı başında qeyd edilib
Qobustan, 10 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Qobustan rayonunun Sündü kənd sakini Həsən Yalçın oğlu Quliyevin ad günü ilə əlaqədar uyuduğu kənd qəbiristanlığında məzarı başında mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin məsul işçilərinin, kənd sakinlərinin, ictimaiyyət nümayəndələrinin və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Həsən Quliyevin məzarı üstünə çiçəklər düzülüb.
Çıxışlarda şəhidin 19 illik qısa, şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.
Qeyd olunub ki, Həsən Quliyev 2002-ci ilin iyulunda Qobustan rayonunun Sündü kəndində dünyaya gəlib. 2020-ci il iyulun 17-də həqiqi hərbi xidmətə gedib. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Füzulinin və Xocavəndin azad olunmasında igidliklə döyüşüb. Noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə isə qəhrəmancasına həlak olub. Hazırda doğulub boya-başa çatdığı Sündü kəndinin qəbiristanlığında uyuyur. Ölümündən sonra şəhid Həsən Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Mərasimdə şəhidlərə göstərilən dövlət dəstəyindən danışılıb, şəhid Həsən Quliyevin ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin atası Yalçın Quliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.