Səhiyyə naziri Mentorluq proqramı çərçivəsində keçirilən müsabiqənin qalibi ilə görüşüb
Bakı, 7 mart, AZƏRTAC
Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib.
A.Məmmədovu təbrik edən nazir onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inamını ifadə edib. O, Mentorluq proqramının peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayaraq qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsində oynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onların dəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində Sərəncam imzalanıb.