Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Balakəndə hesabat konserti verib
Balakən, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəbləri arasında çoxillik ənənələrə söykənən əməkdaşlıq və dostluq əlaqələri mövcuddur. Məktəblərin kollektivləri vaxtaşırı olaraq bir-birinə qonaq gedir, təcrübə mübadiləsi aparır, konsert proqramları ilə çıxış edirlər.
Regional idarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Balakən Uşaq İncəsənət Məktəbinin qonağı olub.
İncəsənət məktəbinin ötən il istifadəyə verilmiş 320 şagird yerlik yeni binasında təşkil olunan konsert proqramından əvvəl regional idarənin rəisi Mirvari Zeynalova və Balakən məktəbinin direktoru Arifə Tağıyeva çıxış edərək, ölkəmizdə uşaq və gənclərin hərtərəfli inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra 2 nömrəli Şəki Uşaq Musiqi Məktəbinin kollektivi, həmçinin “Buta” folklor ansamblı rəngarəng konsert proqramı ilə çıxış edib.
Konsertdən sonra Şəki məktəbinin direktoru Tərlan Məmmədov çıxış edərək, konsertin təşkilinə göstərdiyi dəstəyə görə ev sahibinə və musiqiçilərə təşəkkürünü bildirib.