Səkinə Əsgərova: Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması planlaşdırılır.
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində atılacaq addımlar çərçivəsində yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova mayın 30-da Agentliyin təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimatında deyib.
"Qastronomiya sahəsinin tanınmış liderlərinin regionlara səfərlərinin təşkili, şərabçılıq və üzümçülük sahəsində festivalların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Həmçinin beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual şəkildə tanıdılması və dünyanın aparıcı qastronomiya media platformalarında xüsusi vizual və məzmun yönümlü təbliğat materiallarının yayımı da gündəmdədir", - deyə S.Əsgərova diqqətə çatdırıb.
O əlavə edib ki, beynəlxalq qastronomiya təşkilatları ilə birgə ölkə üzrə biomüxtəliflik nümunələrinin tədqiqi və qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması planlaşdırılır.