İQTİSADİYYAT
Sektor müdiri: Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər mühüm əhəmiyyət daşıyır
Bakı, 26 noyabr, AZƏRTAC
Dövlət biznes dialoqu platforması çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi üzrə görülən işlər, bu sahədə maraqlı tərəflərlə əməkdaşlığın nəticələri və bu işlərin hesabat xarakterli olaraq ilin sonuna yaxın təqdim olunması yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev noyabrın 26-da “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda tədbirdə söyləyib.
V. Şıxəliyev qeyd edib ki, il ərzində davamlı olaraq maraqlı tərəflərin inklüziv iştirakı ilə vergi qanunvericiliyinin müxtəlif aspektlərinin inkişaf etdirilməsi və sonda bu platforma çərçivəsində ödənişlər, nəzərə alınan təkliflər və qarşıdakı prioritetlərin birgə müzakirə olunması əslində əldə etdiyimiz nəticələri düzgün qiymətləndirmək üçün geniş imkanlar yaradır.
“Xüsusi vurğulamaq istərdim ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində hazırda 33 işçi qrupu fəaliyyət göstərir və onlardan 2-si bilavasitə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə həyata keçirilir. Bizim bugünkü görüşümüzün mandatına uyğun olaraq vergi və hesabatlılıq işçi qrupunun fəaliyyəti çərçivəsində həm il ərzində Vergi Məcəlləsinin, həm də digər kateqoriyalı normativ-hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, aidiyyəti üzrə belə bir koordinasiyalı işin qurulması bilavasitə maraqlı tərəflərin mənafeyinə xidmət edir və bu sahədə koordinasiyalı əməkdaşlıq imkan verir ki, təkmilləşdirilən layihələrin nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkün olsun”, - deyə sektor müdiri vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi, həmçinin diqqətə çatdırıb ki, bir çox hallarda qanunvericiliyin inkişaf etdirilməsi, təkmilləşdirilməsi onun düzgün tətbiqindən də asılıdır: “Bu baxımdan qanunvericilikdəki müddəaların aydın başa düşülməsi və praktikada istifadə edilməsi çox önəmlidir”.