Səməd Ağaoğlunun hekayələrinə dair ilk monoqrafik araşdırma işıq üzü görüb
Bakı, 24 iyun, AZƏRTAC
Gənc ədəbiyyat araşdırıcısı Ulduz Uralayın “Səməd Ağaoğlunun hekayələrində avtobioqrafizm və özgələşmə” adlı kitabı nəşr olunub. XX əsr Azərbaycan mühacirət ədəbiyyatının və Türkiyə nəsrinin görkəmli təmsilçilərindən olan, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun doğma övladı Səməd Ağaoğlunun bədii və ictimai-siyasi fəaliyyəti son illərdə tədqiqatçıların diqqətini çəksə də, onun hekayələrinin avtobioqrafizm və özgələşmə kontekstində ayrıca monoqrafik səviyyədə araşdırılması bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilə bilər. Yeni nəşr, eyni zamanda, Azərbaycan mühacirət ədəbiyyatının daha dərindən öyrənilməsi və gələcək tədqiqatların genişlənməsi üçün mühüm imkanlar açır.
Bunu AZƏRTAC-a açıqlamasında yazıçı Vaqif Sultanlı deyib.
O bildirib ki, monoqrafiyada Səməd Ağaoğlunun zəngin bədii irsi ədəbi tənqidin çağdaş metodları əsasında araşdırılır, onun hekayələrində avtobioqrafik elementlərin mahiyyəti, fərdi yaddaşın bədii təcəssümü və özgələşmə probleminin çeşidli təzahürləri geniş şəkildə çözülür. Müəllif yazıçının əsərlərini yalnız estetik baxımdan deyil, həm də mühacirət psixologiyası, kimlik axtarışları və fərdin cəmiyyətlə münasibətləri kontekstində dəyərləndirir.
Onun sözlərinə görə, monoqrafiyada Səməd Ağaoğlunun həyat yolu ilə bədii yaradıcılığı arasındakı əlaqələr sistemli şəkildə izlənilir, onun hekayələrində tarixi yaddaşın, şəxsi taleyin, mühacirət ağrılarının və mənəvi təcridin bədii ifadə formaları üzə çıxarılır. Özəlliklə, yazıçının qəhrəmanlarının daxili dünyasında müşahidə olunan özgələşmə duyğusunun sosial, psixoloji və fəlsəfi aspektləri elmi-nəzəri müstəvidə şərh edilir.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında Səməd Ağaoğlu haqqında ilk monoqrafik araşdırma olan, nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, rəyçiləri isə Bakı Dövlət Universitetinin dosenti Samirə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəki və tənqidçi-publisist Fidan Vahiddir.