Səmərqənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Daşkənd, 18 noyabr, AZƏRTAC
Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) Səmərqənddəki filialı ilə birgə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Mərasimi universitetin prorektoru Muxtar Nasırov açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib, ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın durmadan inkişaf etdiyini bildirib.
RAMMM-nin sədri Firdovsi Hüseynov bildirib ki, Nizami Gəncəvi və Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə “Xəmsə” yazan şairlər kimi düşüb. Şeyx Nizamidən dörd əsr sonra Əlişir Nəvai Nizami Gəncəvini öz müəllimi hesab edib və türk dilində “Xəmsə” yaradıb.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Ramazanov bildirib ki, bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev “Nizami Gəncəvi İli” elan edib. Azərbaycanda və dünya ölkələrində bununla bağlı tədbirlər keçirilir. Bu il Özbəkistanda və digər dövlətlərdə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə də müxtəlif tədbirlər təşkil olunur.
O, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi haqqında da danışaraq deyib: “Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün ərzində azad etdik”.
Universitetin dosenti Əlişir Razzakov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərindən ayrı-ayrı məqamları təhlil edib, onların oxşar və fərqli cəhətlərini göstərib.
RAMMM-nin Səmərqənd filialının rəhbəri Ədilağa Mirzəyev universitetin rəhbərliyinə və qonaqlara təşəkkür edib, belə tədbirlərin müntəzəm olaraq keçirilməsini arzulayıb.
Universitetin tələbələri Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərindən parçalar söyləyiblər.
Sonra qonaqlar Səmərqəndin tarixi abidələrinə baxıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd