REGİONLAR
Şəmkirdə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilib VİDEO
Şəmkir, 14 noyabr, Famil Quliyev, AZƏRTAC
Noyabrın 14-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində Milli Məclisin regional məsələlər komitəsi, Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Liderin büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək qonaqları salamlayıb və rayonda bələdiyyələrin gördükləri işlərdən söhbət açıb.
Şəmkir bələdiyyələrinin fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına təqdim olunub.
Sonra Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulması zamanı demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması məsələlərindən danışıb, tövsiyələrini bildirib. Qeyd olunub ki, yerli idarəetmədə, regional əhəmiyyətli iqtisadiyyat sahələrinin inkişafında, sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin rolu artır və bu qurumların maliyyə potensialının gücləndirilməsi vacib məsələlərdən biridir.
Konfransda Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev, Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının departament direktoru Pərviz Muradov, Milli Məclisin regional məsələlər komitəsinin üzvlərindən Tahir Rzayev, Kamran Bayramov və Rüstəm Xəlilovun çıxışlarında görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra təkliflər irəli sürülüb.
İşgüzar şəraitdə keçən konfransda sosial layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə prosesində iştirakı, vətəndaş-bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması və fəaliyyətinin təşkili təcrübəsi perspektivləri və digər məsələlər müzakirə edilib.