Şəmkirdə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Bakı, 31 avqust, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Qarayevə məxsus fərdi evin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı oradan 8 çətənə kolu aşkar olunub.
Bundan başqa rayon polis şöbəsində E.Qarayevin üzərinə baxış keçirilib və 14,609 qram qurudulmuş marixuana aşkarlanıb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. E.Qarayev dindirilərkən çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirib.