Şəmkirin abad və təmiz saxlanılması üçün yeni texnikalar alınıb
Şəmkir, 7 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkirdə abadlıq və təmizlik işləri, tullantıların toplanması və daşınması məqsədilə yeni texnikalar alınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən il “KamAZ” markalı xüsusi texnika ilə təmin edilən Rayon Kommunal Müəssisələr Kombinatının maddi-texniki bazası yenidən gücləndirilib. Bunkerinin tutumu 8 kubmetr olan “İsuzu” markalı kommunal təyinatlı texnika, yükgötürmə gücü 10 ton olan “FAW” markalı özüboşaldan nəqliyyat vasitəsi, tullantı konteynerləri və digər müxtəlif təyinatlı avadanlıqlar alınaraq istismara verilib.
Rayonda təmizliyin təmin edilməsi ilə yanaşı, yaşıllaşdırma işləri zamanı operativliyin və mobilliyin təmin olunması üçün 3 ədəd motoroller tipli özüboşaldan texnika da alınıb. Bu il daxili tələbatı ödəmək üçün Rayon Kommunal Müəssisələr Kombinatının istehsal sahəsində yeni tullantı konteynerlərinin istehsalı da davam etdirilir.