SƏNAYE VƏ ENERGETİKA NAZİRLİNİNDƏ GÖRÜŞ
Görüşdə noyabr ayının axırlarında imzalanması nəzərdə tutulan “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi barəsində fikir mübadiləsi aparılmışdır. A.Vaddams Azərbaycanın dünyanın sürətlə inkişaf edən əsas karbohidrogen istehsalçılarından birinə çevrildiyini bildirərək, Xəzər hövzəsi və Mərkəzi Asiyada hasil edilən neft və qazın ölkəmizin ərazisindən Avropaya nəql edildiyini, respublikamızın tranzit dövlətə çevrildiyini xüsusi vurğulamışdır. Qonaq, həmçinin Bakı - Tbilisi - Ceyhan neft kəmərinin müvəffəqiyyətlə başa çatması münasibətilə xalqımızı təbrik etmiş və yaxın gələcəkdə istismara veriləcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin əhəmiyyətini diqqətə çatdırmışdır. Tərəflər bu kəmərlər vasitəsilə təhlükəsiz, şəffaf, etibarlı tranzit sisteminin təmin edilməsinin həm Avropa İttifaqı, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini də vurğulamışlar.
Görüşdə Mərkəzi və Şərqi Avropa ölkələrinə müxtəlif enerji nəqli dəhlizlərinin inkişafı üçün strateji konsepsiyanın yaradılması, enerji daşıyıcılarının nəqli üçün digər layihələrin öyrənilməsi üzrə praktiki proqramların işlənməsi və bu məqsədlə işçi qrupların təşkili, investorların cəlb edilməsi və digər məsələlər də müzakirə edilmişdir.