Serbiyadakı tamaşada ermənilərin Qarabağ müharibəsində qətlə yetirdiyi azyaşlılara diqqət yönəldilib
Belqrad, 4 sentyabr, AZƏRTAC
Serbiyada səhnələşdirilən tamaşada Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən azyaşlılara diqqət yönəldilib.
AZƏRTAC xəbər verir ki, Belqrad şəhərində serbiyalı aktrisa və rejissor Aleksandra Manasiyeviçin rəhbərlik etdiyi “Sehrli Lampa” Assosiasiyası, bu ölkənin Mədəniyyət Nazirliyi, Çukarisa bələdiyyəsi və “Ruşan” Vətəndaşlar Assosiasiyasının dəstəyi ilə müharibə, işğal və hərbi təcavüzlər nəticəsində zərər çəkmiş, qaçqın və məcburi köçkünə çevrilmiş insanlar, xüsusilə də uşaqlara cəmiyyətin diqqətini cəlb etmək məqsədilə tamaşa hazırlanıb. Tamaşada çıxış edən azyaşlı aktyorlar müharibəyə məruz qalmış bir sıra ölkələri (Azərbaycan, Serbiya, İraq, Fələstin, Suriya) təmsil ediblər. Azərbaycanı təmsil edən uşaq, öz növbəsində xalqımızın Qarabağın işğalından çox əziyyət çəkdiyini, müharibədə 60-dan artıq azyaşlının qətlə yetirildiyini diqqətə çatdırıb.
İctimaiyyət üçün ödənişsiz həyata keçirilən tamaşadan sonra iştirakçılar arasında qaçqın və məcburi köçkünlərin həyatı, üzləşdikləri çətinliklər mövzusu ətrafında müzakirələr aparılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad