SİYASƏT
Serbiyanın “RTS” telekanalı Ağdamdakı mina probleminə dair reportaj yayımlayıb
Belqrad, 31 iyul, AZƏRTAC
Serbiyanın “RTS” radio-televiziya kanalı Ağdamdakı mina problemi ilə bağlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Ağdamın Qarabağ iqtisadi rayonunun minalarla ən çox çirklənmiş şəhəri olduğu, minaların onilliklər sonra da təhlükə yarada biləcəyi bildirilir.
Vurğulanır ki, müharibə başa çatsa da, regionda minalarla bağlı təhlükə bitmir. Qarabağ iqtisadi rayonunun ən böyük şəhəri olan Ağdamda həyatın yenidən bərpası üçün minatəmizləmə işləri fasiləsiz həyata keçirilir. 2020-ci ilin noyabrından bu vaxtadək on minlərlə mina və partlayıcı sursat məhv edilib. Bununla belə minatəmizləmə prosesi hələ uzun müddət davam edəcək.
“Təxmini vaxt demək çətindir. Çünki ərazi tamamilə minalarla çirklənib. Bəzi bölgələrin təhlükəli olmadığını düşünürsən, lakin qazmağa başlayanda minalarla rastlaşırsan və onların sayı gözləniləndən çoxdur. Biz minatəmizləmə əməliyyatlarına başlayanda cəmi 40-a yaxın istehkamçı var idi. İndi isə maşınlardan və xüsusi təlim keçmiş itlərdən istifadə edən 250-dən çox insan ərazidə işləyir”, - deyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xaliq Zülfüqarov deyib.
Reportajda pilotsuz uçuş aparatları vasitəsilə yerin səthinə yaxın və ya yerdə olan partlayıcı qurğuların aşkarlandığı bildirilir, minatəmizləmə prosesinin isə illər çəkəcəyi qeyd olunur. Həmçinin vurğulanır ki, 2020-ci ildən indiyədək Qarabağda mina və partlayıcı qurğular nəticəsində həlak olanlar arasında hərbi qulluqçularla yanaşı, mülki şəxslər də var.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad