Sərhədboyu zonada çətənə kollarının yabanı halda bitdiyi sahə aşkarlanaraq məhv edilib
Bakı, 12 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kollarının yabanı halda bitdiyi sahə aşkarlanıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il iyunun 7-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən üç kilometr aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq edilməmiş, hündürlüyü təqribən 120-170 santimetr, ümumi çəkisi 940 kiloqram olan 4159 çətənə kolunun yabanı halda bitməsi müəyyənləşdirilib.
Həmin çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub. Yığılan çətənə kolları yandırılaraq məhv edilib.