ŞƏRQ VƏ QƏRB FƏLSƏFƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİNƏ HƏSR OLUNMUŞ DƏYƏRLİ ƏSƏR
Bu fikir Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun “Azərbaycan Universiteti” nəşriyyatında yenicə çapdan çıxmış “Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika)” kitabına yazdığı geniş “Ön söz əvəzi”ndən götürülmüşdür.
Nəşrin elmi redaktoru professor Ramiz Mehdiyev, rəyçiləri professorlar Fərman İsmayılov və Rasim Osmanzadədir.
Kitabda Şərqin və Qərbin bir çox böyük filosofları müqayisə olunur, müxtəlif dövrlərdə və müxtəlif coğrafi məkanlarda yaranmış fəlsəfi təlimlərdə eyniyyət və fərq məqamları üzə çıxarılır. İlk növbədə, orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinə və ümumən İslam dünyasında fəlsəfi yaradıcılığa böyük təsir göstərmiş Platon və Aristotelin təlimləri, onların əsas əlamətdar cəhətləri təhlil olunur və bu təlimlərin sonrakı dövrlərdə keçdiyi inkişaf yoluna nəzər salınır. Platon və Aristotel haqqında saysız-hesabsız tədqiqat əsəri, kitablar yazılmasına baxmayaraq, müəllif məlum olanları Azərbaycan dilində şərh etmir, bu iki yunan dahisini tamamilə fərqli bir müstəvidə - Şərq və Qərb düşüncə tərzlərinin, fəlsəfə və elminin müqayisəsi kontekstində təhlil edir. Platonun orta əsr müsəlman filosofları ilə müqayisəsi də xüsusi diqqətə layiqdir.
Kitabda İbn Sinanın fəlsəfi təlimi oxucuya həm Aristotel təlimi ilə, həm də müasir fəlsəfi və elmi-psixoloji təlimlərlə müqayisədə təqdim olunur.
Orta əsr Azərbaycan fəlsəfi fikrinin böyük nümayəndəsi Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin Avropada və ABŞ-da yenidən nəşri və İşraqilik fəlsəfəsinin şərhinə dair yeni-yeni kitabların çıxması orta əsrlərdə irəli sürülmüş konsepsiyaların hələ də öz elmi-fəlsəfi dəyərini itirmədiyini göstərir. Müəllif Şihabəddin Sührəvərdinin 850 illik yubileyi münasibətilə İşraqilik fəlsəfəsinə həsr olunmuş tədqiqatlarını ayrıca bir fəsil kimi kitaba daxil etmiş və bu təlimi müasir Qərb fəlsəfi sistemləri ilə müqayisədə nəzərdən keçirmişdir. Hüseyn Cavid və Cəfər Cabbarlının fəlsəfi dünyagörüşlərinin həm ayrılıqda, həm də qarşılıqlı surətdə və Qərb mütəfəkkirləri ilə müqayisəli şəkildə şərhi Azərbaycan fəlsəfi fikir tarixi üçün uğurlu addım sayılmalıdır.
Kitabda böyük ingilis mütəfəkkiri Con Lokkun fəlsəfi təliminə də münasibət bildirilmiş, xüsusən onun dini-fəlsəfi fikirləri ilk dəfə olaraq Azərbaycan dilində şərh olunmuşdur.
Əsərdə Şərq və Qərb fəlsəfi fikrinin böyük klassikləri sırasında nisbətən müasir dövrün fəlsəfi təlimlərinə də qiymət verilmişdir. Lakin müəllifin məqsədi hansısa filosofun həyatı və təlimi haqqında məlumat vermək deyil və bu mənada əsər dünya fəlsəfi fikrinin ayrı-ayrı məqamlarına konkret bir fəlsəfi mövqedən baxışdır. Əsərə bütövlük verən digər bir cəhət də tarixin təfərrüatlarının yox, ideyanın kəsilməzliyinin əsas götürülməsidir. Burada filosofların məkan və zaman mənsubiyyəti yox, ideya eyniyyəti önə çəkilir, müəllif müxtəlif dövrlərdə yaşamış filosofları eyni zaman müstəvisində müqayisə edir.
Kitabın sonunda ad göstəricisi də verilmişdir.