Şərqşünaslıq İnstitutunun əməkdaşlarına beynəlxalq sertifikat verilib
Bakı, 25 iyun, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı Günay Əliyeva Səudiyyə Ərəbistanı Krallığında keçirilən dil təkmilləşdirmə proqramında iştirak ediblər. Proqram Kral Salman Qlobal Ərəb Dili Akademiyası tərəfindən Ərəb dili və mədəniyyəti istiqaməti üzrə həyata keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqram ərəb dili, Səudiyyə mədəniyyəti və ləhcəsinin təbliği istiqamətində dərslər və gəzintilər vasitəsilə təşkil olunaraq dilin təkmilləşdirilməsi və dilin daşıyıcıları ilə birbaşa ünsiyyətin yaradılmasına xidmət edib.
Sonda Şərqşünaslıq İnstitutunun əməkdaşları Kral Salman Qlobal Ərəb Dili Akademiyasının müvafiq proqram üzrə sertifikatı ilə təltif olunublar.