Sərxan Nəciyev: Festival yerli animatorların beynəlxalq arenaya çıxışını təmin edir VİDEO
Bakı, 13 may, AZƏRTAC
Bu festival Azərbaycanda keçirilən ilk beynəlxalq animasiya festivalıdır və 2018-ci ildən etibarən təşkil olunur. Builki festival 9-cudur. Festival çərçivəsində nümayişlər, master-klasslar və müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının icraçı direktoru Sərxan Nəciyev deyib.
O bildirib ki, festival çərçivəsində “pitching” layihələri də həyata keçirilir. Bu layihələr artıq bir neçə ildir ki, davamlı şəkildə keçirilir və yeni animasiya ideyalarının inkişafına dəstək verir. Eyni zamanda, festival çərçivəsində sosial məsuliyyət tədbirləri kimi müxtəlif kampaniyalar da həyata keçirir. Bu kampaniyalar ekologiya, qadın hüquqları və heyvanların qorunması kimi mövzuları əhatə edir.
İcraçı direktorun sözlərinə görə, bu ilin əsas mövzusu dənizdir. “Dəniz mövzusu ilə əlaqədar olaraq Xəzər suitilərinin qarşılaşdığı təhlükələrə diqqət çəkən bir kitab layihəsi hazırlayırıq və onun ərsəyə gətirilməsini planlaşdırırıq. Festivaldan əldə olunan gəlirin bir hissəsi də bu layihəyə yönəldiləcək”, – deyə Sərxan Nəciyev əlavə edib.
Festivalın animasiya sənayesinin töhfəsinə toxunan müsahib qeyd edib ki, tədbir, ilk növbədə, yerli animatorların beynəlxalq auditoriyaya çıxışını təmin edir. Eyni zamanda, festivalın qalibləri beynəlxalq animasiya festivallarında iştirak imkanı qazanırlar.