SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI İLƏ AZƏRBAYCANIN DOSTLUQ ƏLAQƏLƏRİ SARSILMAZDIR
Fevralın 17-də parlament nümayəndə heyətinin üzvləri Ər-Riyadda yerləşən Kral Feysel adına Xeyriyyə Təşkilatı və Feysəliyyə bürcü ilə tanışlıqdan sonra Səudiyyə Ərəbistanı Krallığı Nazirlər Şurası sədrinin II müavini, müdafiə və aviasiya naziri Şahzadə Əmir Sultan bin Əbdüləziz Al Səudla görüşmüşlər. Qəbulda Şura Məclisinin sədri doktor Saleh bin Abdulla Humeyd də iştirak edirdi.
Görüşdə Şahzadə Əmir Sultan bin Əbdüləziz nümayəndə heyətinin Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmasından məmnunluğunu bildirdi və ölkəsi ilə Azərbaycan arasında əlaqələrin intensiv şəkildə inkişaf etdiyini xüsusi vurğuladı. Ölkəsinin iqtisadiyyatının inkişaf perspektivləri haqqında məlumat verən Şahzadə Əmir Sultan bin Əbdüləziz Azərbaycanla Səudiyyə Ərəbistanının dostluq əlaqələrindən geniş söhbət açdı.
Sonra parlament nümayəndə heyətinin başçısı, Milli Məclisin sədri Murtuz Ələsgərov səmimi qəbul üçün təşəkkür etdi. İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və gündən-günə inkişaf etdiyini bildirdi. Sədr qeyd etdi ki, Səudiyyə Ərəbistanı Krallığı böyük iqtisadi potensiala malik bir ölkədir və hesab edirik ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfələri Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində mühüm rol oynayır.
Daha sonra parlamentin sədri 1994-cü ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərindən, Əlahəzrət Kral ilə görüşündən, imzalanmış Baş Sazişdən və Birgə Bəyanatdan geniş söhbət açdı. Milli Məclisin sədri dedi: “1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış Səudiyyə Ərəbistanı Krallığı az sonra – 1992-ci ildə Azərbaycanla diplomatik əlaqələr yaratmaq barəsində müvafiq sənədlər imzaladı. Əsl dostluq əlaqələri isə son on ildə yaranmışdır. Krallıq Azərbaycana fəal surətdə humanitar yardım göstərən dövlətlər sırasındadır. 1994-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlərimizə Kral Fəhdin yardım proqramı çərçivəsində dəfələrlə ərzaq, dərman və başqa zəruri mallardan ibarət humanitar yardım göstərilmişdir”.
Azərbaycan Prezidentinin 25 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilmişdir. Komissiyaya Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir. Bu komissiyanın 2003-ci ilin fevralında Bakı şəhərində ilk iclası keçirilmiş və iclasın yekunu olaraq iki ölkə arasında müvafiq sənədlər imzalanmışdır. Müştərək komissiyanın ikinci iclası isə bildiyiniz kimi, bu günlərdə Ər-Riyad şəhərində uğurla keçmişdir.
Milli Məclisin sədri daha sonra ölkələrimiz arasındakı parlament əlaqələrindən danışdı. Parlamentin sədri 2003-cü ilin iyununda Şura Məclisinin sədri, doktor Saleh bin Abdulla Humeydin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərindən söz açdı, bu səfərin ölkələrimiz arasındakı münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafında yeni mərhələ olduğunu bir daha vurğuladı. Parlamentin sədri, iqtisadi, siyasi, hüquqi və digər sahələrdə Azərbaycanda aparılan islahatlar barədə də məlumat verdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan parlamentin sədri Murtuz Ələsgərov Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü həmişə müdafiə etdiyini bildirdi. Milli Məclisin sədri Dağlıq Qaradağ problemindən söz açaraq dedi: “Dağlıq Qarabağ ərazisi hazırda tam nəzarətsizdir. Burada narkotik bitkilər yetişdirilir və narkotik maddələrin qaçaqmalçılığına geniş rəvac verilir. Ermənistan BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymur.
Bizim mövqeyimiz bütün dünyaya bəllidir, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas prinsiplərimizdəndir. Ümid edirik ki, Dağlıq Qarabağ problemi tezliklə həll ediləcəkdir. Biz sülh yolunu seçmişik. Problemin dinc yolla həll edilməsi imkanları hələ tükənməmişdir”.
Söhbət zamanı Şahzadə Əmir Sultan bin Əbdüləziz Al Səud Allah-təaladan xalqımıza sülh, əmin-amanlıq dilədi. O, dostuq əlaqələrimizin inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd etdi və Prezidentimiz İlham Əliyevə böyük müvəffəqiyyətlər arzuladı.
Şahzadə Əmir Sultanın xahişi ilə parlamentin sədri Murtuz Ələsgərov Azərbaycanın əhalisi, ərazisi, sənaye və kənd təsərrüfatı, elm və mədəniyyəti haqqında ətraflı məlumat verdi.
Qardaş ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin böyük perspektivləri barədə danışan Milli Məclisin sədri hazırkı mərhələdə bu əlaqələrin inkişafında Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfiri Əli Həsən Cəfərin də xidmətləri olduğunu həmsöhbətinin nəzərinə çatdırdı.
Əmir Sultan da öz növbəsində Azərbaycanın Ər-Riyaddakı səfiri Elman Araslının rolunu qeyd etdi.
İKİ MÜQƏDDƏS MƏSCİDİN XADİMİNİN QƏBULUNDA
Fevralın 17-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətini İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səud qəbul etdi.
Kral həzrətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi və bu itkidən bütün müsəlman aləminin sarsıldığını bildirdi. O, ölkələrimiz arasındakı mövcud əlaqələrin yeni mərhələyə qədəm qoymasının məhz Heydər Əliyevin səyləri nəticəsində həyata keçirildiyini, onun xidmətlərinin həmişəyaşar olduğunu xüsusi qeyd etdi. Kral həzrətləri daha sonra Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyindən qürur duyduğunu bildirdi. İki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayə, texnika, mədəniyyət, idman və başqa sahələr üzrə münasibətlərin gündən-günə genişləndiyini vurğulayan Kral həzrətləri bu iş birliyində qarşıda duran vəzifələrdən də danışdı.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov Kral həzrətlərinə ümummilli liderimiz Heydər Əliyevin xatirəsini əziz tutduğuna görə səmimi təşəkkürünü bildirdi. Parlamentin sədri ümummilli liderimiz Heydər Əliyevin Əlahəzrət Kralı ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırlatdı və bu dəvətlə əlaqədar Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin həmin dəvəti təsdiqləyən, habelə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istəyini ehtiva edən məktubunu ona təqdim etdi. Səudiyyə Ərəbistanının Kralı dəvətə görə minnətdarlığını bildirdi və onun səmimi qardaşlıq salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etdi.
Parlament nümayəndə heyətinin səfəri davam edir.