“Səyyar Aqro Məktəb” layihəsinin icrasına yekun vurulub
Bakı, 24 sentyabr, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Səyyar Aqro Məktəb” layihəsi başa çatıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, aqrar sahədə ilk dəfə reallaşdırılan “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində təlim və görüşlər altı rayonu - Şəki, Oğuz, Qax, Zaqatala, Balakən və Şamaxını əhatə edib. Peşəkar təlimçilər tərəfindən 300 gəncə bu rayonların spesifik təsərrüfat sahələri üzrə ətraflı məlumat verilib.
Təlim iştirakçıları təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişafı, təsərrüfatın xəstəliklərdən, zərərvericilərdən qorunması, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları barədə məlumatlandırılıb.
Gəncləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.