“ShamkirChess 2018” super turniri Maqnus Karlsenin qələbəsi ilə başa çatıb
Hazırkı dünya çempionu üçüncü dəfə Vüqar Həşimov memorialının qalibi olub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanlı qrossmeyster, tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” super turniri aprelin 28-də hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu - IX turunda çinli Ding Liren ilə qarşılaşmanın 28-ci dəqiqəsində heç-heçəyə razılaşan M.Karlsen xallarının sayını 6-ya çatdıraraq “ShamkirChess 2018”in qalibi olub.
Sonuncu turda Azərbaycan təmsilçiləri Rauf Məmmədov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Partiya 27-ci gedişdə “sülh”lə yekunlaşıb. Qara fiqurlarla oynayan Teymur Rəcəbov isə rəqibi David Navara (Çexiya) ilə 23-cü gedişdə heç-heçəyə razılaşıb. Polşalı Radoslav Voytaşek isə hollandiyalı Aniş Giri ilə qarşılaşmada xalları yarı bölüb.
Günün sonuncu başa çatan görüşü rusiyalı Sergey Karyakin ilə bolqarıstanlı Veselin Topalov arasında oynanılıb. Görüş S.Karyakinin qələbəsi ilə başa çatıb.
Beləliklə, doqquz turdan sonra Maqnus Karlsen 6 xalla birinci yeri tutub. Ding Liren 5,5 xalla ikinci, Sergey Karyakin 5 xalla üçüncü yeri tutub. Hər birinin aktivində 4,5 xal olan Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Aniş Giri və Teymur Rəcəbov 4-7-ci yerləri bölüşüblər. Veselin Topalov və Rauf Məmmədov 4 xalla 8-9-cu yerləri bölüşüblər. Çexiyalı David Navara isə 2,5 xalla sonuncu pillədə qərarlaşıb.