Si Cinpin Çin və Afrika arasında əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib
Bakı, 17 fevral, AZƏRTAC
Çinin ali rəhbərliyi qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Afrika ölkələri liderləri ilə qarşılıqlı fəaliyyətə hazırdır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu fikir Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Afrika İttifaqının 37-ci zirvə görüşünün iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.
“Mən xalqlarımızın firavanlığına dair məsələlərə birgə diqqət yetirməyimizdən, Çin-Afrika əməkdaşlığının yeni yol xəritəsini tərtib etməkdən, Çin və Afrika arasında yüksək səviyyəli vahid cəmiyyətin formalaşmasına kömək etməkdən ötrü Afrika dövlətlərinin liderləri ilə qarşılıqlı fəaliyyətə hazıram”, - deyə Si Cinpin vurğulayıb.
ÇXR Sədri qeyd edib ki, son il ərzində Çin-Afrika münasibətləri uğurla inkişaf edib. O xatırladıb ki, Çin və Afrika modernləşdirmə prosesində bir-birinə dəstək göstərir, qarşıya qoyulan hədəfə nail olmaq üçün birgə əlverişli şərait yaradırlar.
Si Cinpin diqqətə çatdırıb ki, beynəlxalq arenada ciddi dəyişikliklər baş verir, bu dəyişikliklər fonunda Çin və Afrika dövlətləri dünya tarixinin gedişatına öz böyük təsirlərini göstərirlər. Onu sözlərinə görə, Afrika ölkələrinin İyirmilik qrupunun tədbirlərində iştirakı qlobal idarəetmədə Afrika təmsilçiliyini və rolunu gücləndirib.
Qeyd edək ki, Afrika İttifaqı sammiti Əddis-Əbəbədə keçirilir və fevralın 18-də öz işinə yekun vuracaq. Qitənin dövlət və hökumət başçıları silahlı münaqişələrin nizamlanmasını, regional inteqrasiya və dayanıqlı inkişafı müzakirə edirlər.