Şimali Kiprdə Türk ordusunun adada əməliyyata başlamasının 52-ci ildönümü qeyd edilir
Ankara, 20 iyul, AZƏRTAC
İyulun 20-də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının başlamasının 52-ci ildönümü münasibətilə bayram tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Güler bu tədbirlərdə iştirak etmək üçün Lefkoşada səfərdədir. O, Kiprdə təhlükəsizliyi və sabitliyi təmin edən Türkiyə ordusu bölmələrinə baxış keçirib.
ŞKTC Prezidenti Tufan Erhürman BRT ictimai televiziya kanalında çıxış edərək həmvətənlərini əlamətdar tarix münasibətilə təbrik edib.
Şimali Kiprdəki liderlər və ictimaiyyət nümayəndələri azadlıq hərəkatının liderləri - Fazıl Küçük və ŞKTC-nin qurucusu və ilk Prezidenti Rauf Denktaşın abidələri önünə gül dəstələri qoyublar.
ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin deputat qrupu da tədbirlərdə iştirak edir. Azərbaycan parlamentariləri Prezident Tufan Erhürman tərəfindən qəbul edilib və ŞKTC parlamentinin sədri Ziya Öztürkler və Baş nazir Ünal Üstel ilə görüşlər keçiriblər.