Sinxua agentliyi tarixi Şuşa Bəyannaməsi haqqında material dərc edib
Bakı, 16 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfəri və tarixi Şuşa Bəyannaməsinin imzalanması dünya KİV-lərinin gündəliyində bir nömrəli mövzu kimi qalır.
AZƏRTAC xəbər verir ki, Çinin Sinxua agentliyi “Azərbaycan və Türkiyə prezidentləri Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıblar” sərlövhəli məlumat yayıb. Məlumatda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Şuşa Bəyannaməsinin əhəmiyyəti, bu sənədin ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırması barədə sözləri sitat gətirilib. Bəyannamədə birgə müdafiə və Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hərbi yardım məsələləri əksini tapıb.
Sinxua agentliyi Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranın qoşulması nəzərdə tutulan “Altılar platforması” təşəbbüsü barədə də məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Biz istəyirik ki, bu bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun”.
Türkiyə lideri bildirib ki, o, öz azərbaycanlı həmkarı ilə birlikdə bu istiqamətdə hər cür zəruri səy göstərməyə hazırdır. Sinxua agentliyi Türkiyə dövlətinin başçısının bu sözlərini sitat gətirib: “Biz birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”.
Bu informasiyanın hazırlanmasında AZƏRTAC agentliyinin materiallarından da istifadə edilib.