REGİONLAR
Şirvanda “Generalın planı” sənədli film nümayiş olunub







Şirvan, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
YAP Şirvan şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 26 İyun -Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə ordu quruculuğu sahəsində gördüyü işlər və misilsiz xidmətlərindən danışıb. Ulu Öndərin ordu quruculuğu siyasəti ilə bağlı başlatdığı işlərin onun siyasi kursunun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs edib. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunduğu, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradıldığı diqqətə çatdırılıb.
Digər çıxışçılar bildiriblər ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli Liderin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Tədbirdə bir qrup müharibə iştirakçısı Silahlı Qüvvələr Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştiraklarına görə fəxri fərmanlarla təltif ediliblər.
Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Generalın planı” sənədli filmi nümayiş olunub.