Siyəzəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib
Siyəzən, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özləri, həm də sərnişinlər üçün təhlükə yaradırlar.
Nəzarət profilaktiki tədbirlər zamanı bildirilib ki, sürücülər vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar.