Siyəzəndə minifutbol üzrə rayon kubokunun qalibi müəyyənləşib
Siyəzən, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan gənclər arasında minifutbol üzrə rayon kubokunun qalibi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 2-dən 9-dək davam edən yarışda 8 komanda mübarizə aparıb.
Yarışın təşkilində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, həmçinin onların asudə vaxtının səmərəli təşkil olunmasıdır.
Gərgin mübarizə şəraitində keçən yarışda “Şollar” komandası bütün rəqiblərinə qalib gələrək rayon kubokunun sahibi olub.
Qalib komandaya Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.