SKAUT HƏRƏKATININ LİDERLƏRİ JURNALİSTLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Azərbaycan Skautlar Assosiasiyasının (ASA) prezidenti Namiq Cəfərov çıxışında bildirmişdir ki, Avrasiya Komitəsinin Bakıdakı növbəti iclasının məqsədi skaut təşkilatlarının ikinci regional Avrasiya konfransının tarixini razılaşdırmaqdır. Konfransın təxminən bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulmuşdur. 1997-ci ilin oktyabrında yaradılmış ASA sayəsində 2000-ci ilin avqustundan Dünya Skautlar Hərəkatı Təşkilatının üzvüdür.
N.Nəcəfov həmvətənlərimizin son yeddi ildə 30 beynəlxalq skaut tədbirində iştirak etdiyini və Assosiasiya üzvləri sayının 1400 nəfərə çatdığını vurğulayaraq demişdir ki, Assosiasiyanın yaradılması və fəaliyyətinin genişlənməsi, ümummilli liderimiz Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dəstəyi ilə skaut hərəkatı ölkəmizdə geniş vüsət almışdır. ASA-nın prezidenti bu işdə Gənclər, İdman və Turizm Nazirliyinin rolunu da qeyd etmişdir.
ASA-nın prezidenti onu da bildirmişdir ki, dünyanın bir çox ölkələrində dövlət başçıları skaut hərəkatlarının fəxri rəhbərləridir. Onun sözlərinə görə, ASA rəhbərliyi ölkəmizdə bu hərəkata başçılıq etməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət etmək niyyətindədir.
Avrasiya Komitəsinin direktoru Aleksandr Bondar isə Dünya Skautlar Hərəkatı Təşkilatının 157 dövlətin strukturlarını birləşdirdiyini, 28 milyon uşağın hər il müxtəlif skaut tədbirlərində iştirak etdiyini vurğulayaraq demişdir: ”Skaut hərəkatının dərin tarixi kökləri var və bu hərəkat uşaqlara və yeniyetmələrə zəruri həyati vərdişlər aşılaması, böyüməkdə olan nəslə xüsusi diqqətlə yanaşması sayəsində bütün dünyada şöhrət qazanmışdır”.
Sonda Avrasiya Komitəsi iclasının iştirakçıları jurnalistlərin çoxsaylı suallarına cavab vermiş, skaut təşkilatlarının Ukraynadakı fəaliyyətindən bəhs edən videofilm nümayiş olunmuşdur.
Görüşdə Rusiya, Ukrayna, Moldova, Gürcüstan və Tacikistanın milli skaut təşkilatlarının rəhbərləri də iştirak edirdilər.