“Sky News”un əməkdaşı: Azərbaycan Qran-Prisi Formula 1 təqviminə çox gözəl əlavədir
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Qran-Prisi Formula 1 təqviminə çox gözəl əlavədir. Azərbaycanda Formula 1 yarışına rəng qatan özünəməxsusluq var ki, bu da həm Formula 1, həm də azarkeşlər üçün çox maraqlıdır.
Bu sözləri “Sky News” televiziyasının əməkdaşı Krayk Slater AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizə dördüncü dəfə səfər etdiyini vurğulayan Krayk Slater deyib: “Bundan əvvəl də burada keçirilən bir çox mötəbər idman yarışlarında iştirak etmişəm. Azərbaycan idman tədbirlərinin keçirilməsində peşəkarlıq nümayiş etdirir. Buradakı təşkilatçılar kifayət qədər peşəkardırlar. Bakıda gəzərkən təhlükəsizliyimizdən tam əminik. Çünki burada təhlükəsizlik tam təmin olunur. Ona görə də Azərbaycan Qran-Prisinə gəlmək həm azarkeşlər, həm də pilotlar üçün çox maraqlıdır. Azərbaycan Qran-Prisi hər il daha yaxşı təşkil olunur”.
Azərbaycan mədəniyyəti ilə yaxından maraqlandığını deyən qonaq ölkəmizin bir çox tarixi və mədəni abidələrini ziyarət etdiyini vurğulayaraq bildirib: “UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan abidələrə sahib ölkənizdə Formula 1 yarışının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın milli geyimini geyinməklə mesaj vermək istəyirəm ki, Formula 1 yarışına baxmaq üçün Bakıya gələn insanlar həm də Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olurlar. Azərbaycan Qran-Prisinin özünəməxsusluğu da məhz budur. Burada insanlar bütün qonaqlara dostcasına yanaşırlar. Bakıda olmaqdan çox məmnunam”.