SOCAR-ın Gürcüstan nümayəndəliyində təhsildə yüksək nəticələr əldə etmiş tələbələrlə görüş olub
Tbilisi, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də SOCAR-ın Gürcüstan nümayəndəliyində bu ölkənin müxtəlif universitetlərində Azərbaycanın maliyyə dəstəyi ilə təhsil alan və yüksək nəticələr əldə etmiş tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, tələbələr iştirak ediblər.
Mahir Məmmədov 2021-2022-ci tədris ilində, eləcə də cari tədris ilində yüksək nəticə əldə etmiş tələbələri təbrik edib.
Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Gürcüstanda milli azlıqlar üçün tətbiq olunan “1+4” proqramı çərçivəsində təhsil alan gənc soydaşlarımızın təhsil haqlarının ödənilməsi də həmin qayğının əyani göstəricisidir.
M.Məmmədov təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin elmə marağının artırılması məqsədilə tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.
Sonra səfir Faiq Quliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri barədə məlumat verib. Azərbaycan dövlətinin soydaşlarımızla bağlı həyata keçirdiyi sosial-iqtisadi layihələrdən danışıb. Qeyd edib ki, son illər ərzində Gürcüstanda sosial layihələrə 70 milyon dollardan çox vəsait xərclənib. O, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində məktəb, uşaq bağçaları və idman komplekslərinin tikintisində Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. SOCAR-ın da bu layihələrdə böyük paya malik olduğunu vurğulayıb.
Görüşdə tələbələrin təhsilə marağının artırılması məqsədilə hazırlanan yeni layihələr barədə məlumat verilib.
Sonra təhsildə fərqlənən bir qrup tələbəyə hədiyyə və pul mükafatı təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi