SOÇİDƏ “DÜNYANIN GƏNC BALETİ” BEYNƏLXALQ MÜSABİQƏSİ AÇILMIŞDIR
Rus baletinin əfsanəsi Qalina Ulanovanın xatirəsinə həsr olunmuş müsabiqənin təşkilatçısı və rəhbəri SSRİ xalq artisti, Beynəlxalq Xoreoqrafiya Xadimləri İttifaqının prezidenti Yuri Qriqoroviçdir.
Baxış iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Qazaxıstan xoreoqrafiya məktəblərini təmsil edən 12-17 yaşlı 33 iştirakçı yarışacaqdır.
İkinci mərhələdə 18-27 yaşlı gənc balet artistlərinin müsabiqəsində, yuxarıda qeyd olunan ölkələrlə yanaşı, Azərbaycan, Belarus, Malayziya, Yunanıstan, Almaniya və Yaponiyadan 81 iştirakçı çıxış edəcəkdir.
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə ölkəmizi Bakı Xoreoqrafiya Məktəbinin məzunu 20 yaşlı Anar Quliyev təmsil edəcəkdir. O, klassik və müasir baletdən 6 nömrə ifa edəcəkdir.
Beynəlxalq münsiflər heyətinə müxtəlif ölkələrin aparıcı balet artistləri və baletmeysterləri, ali xoreoqrafiya məktəblərinin rəhbərləri daxildirlər.
Müsabiqə gənc balet artistlərinin təşəkkülünə, peşəkar səhnəyə çıxmasına, habelə xarici ölkələrlə bu sahədə yaradıcılıq və dostluq münasibətlərinin qurulmasına kömək məqsədi ilə təşkil edilmişdir.
Müsabiqə laureatların və digər iştirakçıların böyük konserti ilə başa çatacaqdır.