SİYASƏT
Sodikjon Turdiyev: Azərbaycan Türk dünyasının güclü dövlətlərindəndir
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Özbəkistan Ali Məclisi Senatının və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, Özbəkistanın qəhrəmanı, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə Heyətinin sədri Sodikjon Turdiyevin rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Fəzail İbrahimli qarşılıqlı səfərlərin və aparılan danışıqların əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Dövlətlərimiz və xalqlarımız arasında tarixən səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd edən Milli Məclisin sədr müavini Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı perspektivlərin olduğunu da bildirib.
Hər iki ölkə parlamentləri arasında əməkdaşlığın inkişafının vacibliyindən danışan Fəzail İbrahimli qanunverici orqanlarımızda fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsinin önəmli olduğunu deyib.
Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış əzəli torpaqlarını azad etdiyini, hazırda həmin torpaqlarda sürətli quruculuq işlərinin aparıldığını vurğulayıb.
Sodikjon Turdiyev ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Özbəkistanın Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu deyib, xalqlarımız arasında qədim tarixə malik əlaqələrdən bəhs edib.
Sodikjon Turdiyev Azərbaycanın Türk dünyasının güclü dövlətlərindən biri olduğunu bildirərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bu günlərdə Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirildiyini deyən qonaq görkəmli dövlət xadiminin Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində rolundan bəhs edib.
O, həmçinin parlamentlərarası münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, parlament dostluq qrupları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Sonra Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə və Elman Nəsirov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.