Son illər İtaliyada Azərbaycanla bağlı bir çox kitablar nəşr olunub
Turin, 17 may, AZƏRTAC
Son illər İtaliyada Azərbaycanla bağlı çoxlu sayda kitablar nəşr olunmaqdadır. Bu, müsbət haldır. Çünki italiyalı oxucular bu nəşrlər sayəsində ölkənizi daha yaxından tanıyır və reallıqları görür.
Bu sözləri İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edən “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
S.Teti deyib: “Azərbaycanın bir sıra institusional qurumları, o cümlədən AMEA, Bakı Slavyan və “ADA” universitetləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq edirik. Əlaqələrimizin genişlənməsi ölkəniz haqqında daha çox məlumatlar əldə etməyə imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, tanınmış yazıçı Kamal Abdullanın nəşriyyatımızda çap olunmuş “Yarımçıq əlyazma” romanı İtaliyada böyük maraqla qarşılanıb. Gələcəkdə Azərbaycana dair italyan dilində bir sıra yeni kitabların nəşr olunması da planlaşdırılır”.
Azərbaycanın İtaliyada təbliği istiqamətində görülən işlərdən danışan S.Teti bildirib ki, İtaliyada ölkənizlə bağlı tez-tez yüksək səviyyəli tədbirlər təşkil olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni irsinizin, qədim tarixinizin və bir çox digər zənginliklərinizin nümayiş olunduğu sərgilər, konsertlər və konfranslar keçirilir. Bu cür layihələr ölkənizin təbliği baxımından əvəzsiz rol oynayır.
Azərbaycana səfərini xatırladan S.Teti deyib: “Ölkənizdə olduğum zaman buradakı tolerant mühit, din azadlığının mövcudluğu məndə böyük təəssürat yaratdı. İtaliyada bu mövzuda nəşr olunmuş kitablar vasitəsilə artıq oxucularımız Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, dostluq mühitində yaşadığını bilirlər. Azərbaycana səfərim zamanı onun barəsində vaxtilə eşitdiyim bütün müsbət məqamların canlı şahidi oldum”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin