Sorğu: Amerikalıların əksəriyyəti seçkidə Baydenin Kamala Harrislə əvəzlənməsini istəyir
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ vətəndaşlarının 73 faizdən çoxu seçki yarışında ölkənin hazırkı lideri Cozef Baydenin əvəzinə vitse-prezident Kamala Harrisin namizəd olmasını istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat YouGov sosiologiya institutunun “Economist” jurnalı ilə birgə keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Məlumata görə, sorğuda iştirak edən amerikalıların yalnız 37 faizi Kamalla Harris haqqında müsbət fikirdədir. Cozef Bayden barədə müsbət fikirdə olan amerikalıların da sayı 37 faiz təşkil edir. Lakin ABŞ-ın sabiq lideri Donald Trampa müsbət yanaşanların sayı 41 faizə çatır.
Həmçinin, respondentlərin 48 faizi namizədlərin dəyişməyəcəyi təqdirdə sabiq prezidentin seçkilərdə qalib gələcəyini, 29 faizi isə bunun əksini düşünür.
Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində ilk dəfə hazırkı və sabiq prezidentlər arasında seçkiöncəsi televiziya debatı keçirilib. CNN teleradio kompaniyasının apardığı sorğuya əsasən, debatı izləyən amerikalıların üçdə ikisi üstünlüyün Donald Trampda olduğunu söyləyib.
CNBC telekanalının yaydığı məlumata görə, vitse-prezidentin tərəfdarları Baydenin seçki yarışından çəkiləcəyi təqdirdə Kamala Harrisin prezident postuna namizədliyini müzakirə etməyə başlayıb.
Ekspertlərin fikrincə, demokratlar avqustda keçiriləcək qurultayda Cozef Baydenin namizədliyini irəli sürməkdən imtina edə və onu başqası ilə əvəzləyə bilərlər. Lakin ilkin seçkilərdə qalib gələn Bayden özü seçkidə iştirakdan imtina etməsə, onu yarışdan kənarlaşdırmaq çətin olacaq. Eyni zamanda, hazırkı prezidentin qərargahı onun seçkidən çəkilmək fikrində olmadığını bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayın sonlarında təsdiqləməlidir.