Sosial Xidmətlər Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq genişləndirilir
Bakı, 6 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Anar İskəndərov və nümayəndəliyin əməkdaşları ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə həssas miqrantlar, readmissiya və repatriasiya olunmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov SXA-nın fəaliyyət istiqamətləri, eləcə də readmissiya və repatriasiya sahələrində görülən işlər barədə məlumat verib.
Anar İskəndərov sözügedən istiqamətlər üzrə SXA ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər arasında bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, onlara göstərilən sosial-psixoloji dəstəyin və reinteqrasiya tədbirlərinin təkmilləşdirilməsi, həmçinin zərərçəkmiş şəxslərlə iş sahəsində institusional potensialın artırılması istiqamətində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.