Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər
Bakı, 9 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları peşəkar bilik və bacarıqların artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Macarıstan və Türkiyədə səfərdə olublar.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, Macarıstanda keçirilən beynəlxalq konfransda məişət zorakılığı törədən şəxslər üçün proqramların hazırlanması, tətbiqi və qiymətləndirilməsi üzrə mövcud təcrübə və yanaşmalar müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Türkiyədə təşkil edilən tədbirlər çərçivəsində “Anka Uşaq Dəstəyi Proqramı”nın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və peşəkar bacarıqların artırılması məqsədilə aidiyyəti uşaq müəssisələrinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar müəssisələrin fəaliyyəti, uşaqlarla iş sahəsində tətbiq olunan metodlar və xidmət modelləri ilə tanış edilib.
“Asılılıq və sağalma simpoziumu” çərçivəsində isə asılılıqla mübarizə, reabilitasiya və sosial reinteqrasiya sahəsində müasir yanaşmalar, elmi tədqiqatlar və beynəlxalq təcrübələr müzakirə olunub.
Türkiyənin uşaq müəssisələrindən birinə təşkil edilən səfər zamanı Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi uşaq siyasəti, bu istiqamətdə görülən işlər və tətbiq olunan sosial xidmətlər barədə təqdimat edilib.