Sosial Xidmətlər Agentliyinin müəssisələrində xidmət göstərilən uşaqlar Zirə EKO Parkında olublar
Bakı, 26 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələri tərəfindən xidmət göstərilən uşaqlar üçün Zirə Mədəniyyət Mərkəzi - EKO Parkına ekskursiya təşkil edilib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ziyarətə agentliyin 1 və 2 saylı psixonevroloji sosial xidmət müəssisələrinin, eyni zamanda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən yararlanan uşaqlar cəlb olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarətin məqsədi həssas əhali qruplarından olan azyaşlıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Gəzinti zamanı 70 nəfərdən ibarət olan iştirakçı qrupu Zirə Mədəniyyət Mərkəzinin Art-studiyasında yaradılan rəsm əsərlərinə və Xalça Muzeyində müasir xalçaçılıq nümunələrinə tamaşa ediblər.
Ziyarət zamanı uşaqlar EKO Parkın oyun meydançasında da əyləniblər və ekskursiya onlarda xoş təəssüratlarla yadda qalıb.