QAN YADDAŞI
Soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaq
Bərdə, 1 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatı fəallarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq məqsədi ilə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışıb. Bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalıb. Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi dədə-baba torpaqlarından didərgin salınıb, indi Ermənistan adlandırılan həmin ərazilərdə xalqımıza məxsus tarixi mədəni abidələr məhv edilib.
1918-ci ilin martın sonu - aprelin əvvəllərində Bakı və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilib və bildirilib ki, soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaq.
Tədbirdə 1948-1952-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş Otuzikilər kənd sakini Lətif Yaqubov, Əmirli kənd sakini Vaqif Abışov başqaları ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs ediblər.
Tədbir şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin göstərdiyi kompozisiya ilə başa çatıb.