SOYQIRIMI QURBANLARININ XATİRƏSİ MİLLİ MƏCLİSDƏ ANILDI
Milli Məclis Heydər Əliyevin imzladığı bu tarixi Fərmanı dəstəkləmiş, 1998-ci il 31 mart tarixli iclasında “Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar xüsusi bəyanat qəbul etmişdir. Parlament öz bəyanatında 31 mart gününün soyqırımı günü elan edilməsini milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi-hüquqi və mənəvi addım kimi dəyərləndirmişdir.
Hələ 1905-1907-ci illərdə “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlamışdılar. 1918-ci ilin mart ayında erməni qaniçənləri azərbaycanlılara qarşı yenidən soyqırımı aksiyası törətdilər.
Azərbaycan sovet imperiyasının tərkibində olduğu dövrdə də xalqımıza qarşı etnik təmizləmə siyasətinin davamı kimi, 1948-1953 və 1988-1989-cu illərdə zorakı deportasiyalar tətbiq edilmişdir. 1988-ci ildən başlayaraq təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, 5 minə yaxını isə əsir və itkin düşmüşdür. Təkcə Xocalı faciəsində 7 mindən çox əhalisi olan iri yaşayış məntəqəsi yer üzündən silinmişdir.
Respublikamızın rəhbərliyi və Milli Məclis dəfələrlə qondarma “erməni soyqırımı”nı ifşa edən sənədlərlə müxtəlif beynəlxalq təşkilatlarla, dünya dövlətlərinin başçılarına, parlamentlərinə müraciət etmişlər. Biz xalqımıza qarşı yeni-yeni soyqırımı cəhdlərinə yol verilməməsi üçün ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları dəstəkləyir, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanacağına, torpaqlarımızın azad ediləcəyinə, qaçqınlarımızın öz doğma yurd-yuvalarına qayıdacağına qəlbən inanırıq.
Sonra azərbaycanlıların soyqırımı günü ilə əlaqədar şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, deputatlar xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı öz fikirlərini bölüşmüşlər.