SOYQIRIMI QURBANLARININ XATİRƏSİ UKRAYNADA YAD EDİLMİŞDİR
Ukrayna paytaxtındakı Müəllimlər evində azərbaycanlıların soyqırımı gününə və Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalının 10 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Gecənin iştirakçıları - Azərbaycan diplomatları, Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri, Kiyevin ali məktəblərində təhsil alan soydaşlarımız, KMU-nun professor-müəllimləri soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra insanları yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirərən erməni cəlladlarının cinayətləri barədə videokadrlar göstərildi.
Azərbaycanın Ukrayna, Belarus və Moldovadakı səfiri Tələt Əliyev, KMU-nun professorları Qriqori Xalimonenko və Mixail Verxolets, politoloq və publisist Rüstəm Janqoja, iş adamı Mehman İskəndərov erməni millətçilərinin və qatillərinin qəddarlığını lənətlə damğalayaraq, bəşəriyyətə qarşı yönəlmiş bu qanlı cinayyətləri yaddan çıxarmamağa cağırdılar.
Çıxış edənlər imidvar olduqlarını bildirdilər ki, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin bu cinayətlərinə siyasi-hüquqi qiymət verəcəklər, çünki insana nifrətdən doğan belə əməllərə göz yummaq və imkan vermək cəzasızlıq şəraiti yaradır və bu cür əməllərin təkrar olunmasına gətirib çıxarır.
Xatirə gecəsinin iştirakçıları azərbaycanlıların soyqırımı faktını tanımaq xahişi ilə Ukraynanın icra və qanunvericilik orqanlarına Müraciət hazırlamaq barədə qərar qəbul etdilər.
X X X
Xarkovda Azərbaycan diasporu və Ukrayna ictimaiyyəti nümayəndələrinin iştirakı ilə azərbaycanlıların soyqırımına həsr olunmuş yığıncaq keçirilmişdir.
Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyətinin sədri, Xarkov şəhəri Kiyev rayon sovetinin deputatı Murad Ömərov tədbiri açaraq, erməni millətçilərinin Bakı Xalq Komissarları Sovetinin dəstəyi ilə 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımından danışdı, Azərbaycan Prezidenti Heydər Əliyevin xalqımıza müraciətinin mətnini oxudu.
Bazar günü Azərbaycan məktəbinin tarix müəllimi Pənah Bəkirov faicənin səbəb və köklərindən, erməni millətçilərinin Azərbaycan torpaqlarında apardıqları etnik təmizləmələrdən ətraflı bəhs etdi. O, Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri hesabına “Böyük Ermənistan” yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnak ideoloqlarının cinayətkar niyyətlərini Ukrayna ictimaiyyətinin və KİV-lərin nümayəndələrinə açıqladı.
Texnika elmləri namizədi Ravi Nəsibov, istefada olan polkovnik Bəhlul Mustafayev, Xarkov Milli Universitetinin dosenti Valeri Pikalov və başqaları erməni şovinistlərinin Ermənistan-Azərbaycan münaqişələrinin bütün tarixi boyu törətdikləri vəhşiliklərdən danışmışlar.
Axırda yığıncağın bütün iştirakçılarına, o cümlədən jurnalistlərə Prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin mətni, ölkəmizin Ukraynadakı səfirliyinin mətbuat bülleteni və digər materiallar paylandı.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri