“Sport Time” jurnalının növbəti sayı ilin yekunlarına həsr olunub
Bakı, 6 fevral, AZƏRTAC
İki ildir fəaliyyət göstərən “Sport Time” jurnalının növbəti sayı nəşr olunub. Jurnalda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin 2016-cı ilin idman yekunlarına dair çıxışında söylədiyi fikirlər barədə məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, jurnalda, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə dair fikirləri, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin keçirdiyi görüş və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr verilib.
Bundan başqa, Gimnastika, Taekvando, Ağır Atletika, Atıcılıq, Cüdo, Kikboksinq və Qol güləşi federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlər də geniş işıqlandırılıb. “Sport Time” jurnalında Qəbələdə idmana göstərilən diqqət və qayğıdan, veteran futbolçu İsgəndər Cavadovdan, paralimpiya çempionu Ramin İbrahimovun uğurlu fəaliyyətindən də bəhs olunub. Dərgidə “ASAN Radio”nun idmanla bağlı layihələri, tanınmış modelyer Gülnarə Xəlilovanın birinci Avropa Oyunlarına həsr etdiyi milli geyim kolleksiyası oxuculara təqdim olunub.
Jurnalda balaca idmançıların əldə etdikləri böyük qələbələrə də geniş yer verilib. Burada çempion tennisçi Kənan Pənahov, 10 yaşlı dünya çempionu Ayxan Haşımov, kikboksinq üzrə Azərbaycan çempionu Nihat Hüseynov kimi məktəbli uşaqlar barədə də maraqlı yazılar yerləşdirilib.
Tanınmış incəsənət nümayəndələrinin də yer aldığı jurnalda Xalq Artisti Ağadadaş Ağayevdən və tanınmış estrada ulduzu Emin Ağalarovdan da bəhs olunub.