“Sülh inkişafın əsas təməlidir” mövzusunda videokonfrans keçirilib
Astara, 31 avqust, Bağır Əliyev, AZƏRTAC
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər avqustun 31-də Astara, Lənkəran, Lerik, Yardımlı və Samux Rayon Heydər Əliyev mərkəzlərinin, Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh inkişafın əsas təməlidir” mövzusunda keçirilən videokonfransda səsləndirilib.
Onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda çıxış edənlər bildiriblər ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Qeyd olunub ki, insanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sakini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir. Sülhün bərqərar olmasına yönəlmiş bu çağırış insanlığın missiyası, bəşəri dəyərlərin ən önəmlisidir. Lakin, təəssüflər olsun ki, hələ də bəşəriyyətin təhlükəsizliyi tam təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər silahların qurbanına çevrilməkdədirlər.
Diqqətə çatdırılıb ki, dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən Prezident İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir. Ən yüksək tribunalardan qətiyyətlə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Belə mexanizmin olmamasının nəticəsidir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bu günədək icra edilməyib.