SUMQAYIT BƏLƏDİYYƏSİ KUBOKU UĞRUNDA YARIŞLAR BAŞLANMIŞDIR
Sumqayıt, 19 iyun (AZƏRTAC). Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yeniyetmələr arasında futbol üzrə bələdiyyə kuboku uğrunda şəhər birinciliyinin təntənəli açılışı olmuşdur. Sumqayıt bələdiyyəsi şəhər gənclər və idman baş idarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyasının regional federasiyası ilə birlikdə hər il məhəllə komitələrinin komandaları arasında futbol turniri keçirir. Builki turnir Sumqayıta şəhər statusu verilməsinin 60 illiyinə həsr edilmişdir. Yarışlarda 1997-1998-ci il təvəllüdlü yeniyetmələr iştirak edirlər.
Azərbaycanın dövlət himni səslənmişdir.
İştirakçı komandaların kapitanları yarışların bayraqlarını dalğalandırmışlar.
Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev gənc futbolçuları təbrik edərək bildirmişdir ki, bələdiyyə dalbadal dörd il futbol turniri təşkil edir. O demişdir: “Kuboku təsis etməklə, biz inanırdıq ki, turnir uşaq futbolunun və bütün futbol hərəkatının inkişafına, istedadlı futbolçuları üzə çıxarmağa imkan verəcəkdir”. Şəhərin tarixindən danışan professor Ə.Babayev yeniyetmələrə yaşlı nəslin nümayəndələrinin nailiyyətlərini uğurla davam etdirməyi arzulamışdır.
Sumqayıda bütün yaşayış massivlərində fəaliyyət göstərən 105 məhəllə komitəsi yaradılmışdır. İki ay ərzində 20-dən yuxarı komanda çempion adı uğrunda mübarizə aparacaqdır. Yeniyetmələr arasında belə turnir respublikada ilk dəfədir keçirlir. Təşkilatçılar yarışların uğurlu təşkili üçün hər cür şərait yaratmışlar. Sumqayıt bələdiyyəsi bütün komandaları idman forması və topla təchiz etmişdir.
Qeyd edək ki, təşkilatçılar qarşılarına qoyduqları məqsədə nail olmuşlar. Əvvəlki ilk üç turnir sayəsində uşaq futbolunda bir neçə gənc sumqayıtlının ulduzu parlamışdır. 13 ümidverici futbolçu ölkənin ali liqası komandalarının əvəzedici heyətlərində, bir neçəsi 15-17 yaşlı yeniyetmələrdən ibarət yığma komandanın tərkibində oynayır.
Təntənəli açılış mərasiminin sonunda əvvəlki turnirlərin iştirakçısı olan dörd ən yaxşı komandanın nümunəvi matçı olmuşdur.
######
