Sumqayıt Dövlət Universitetində keçirilən yaradıcılıq sərgisi böyük maraqla qarşılanıb
Sumqayıt, 27 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Martın 27-də Sumqayıt Dövlət Universitetində (SDU) Elm günü münasibətilə təşkil olunan professor-müəllim heyətinin yaradıcılıq sərgisi böyük marağa səbəb olub.
AZƏRTAC xəbər verir ki, ali məktəbin hər üç tədris binasının foyesində təşkil olunan sərgidə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində çapdan çıxmış kitablar, yüksək impakt faktorlu jurnallarda dərc edilmiş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olunub.
Universitetin rektoru, professor Elxan Hüseynov sərginin əhəmiyyətindən bəhs edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamı da Azərbaycan elminə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
“Belə bir günün təsis edilməsi elm adamlarının qarşısında daha ciddi vəzifələr qoyur”, - deyən rektor universitetdə müasir tələblərə uyğun kadr hazırlığına mühüm diqqət yetirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, alimlərin impakt faktorlu jurnallarda yayımlanan məqalələrinin sayı ildən-ilə artır. SDU-da alimlər üçün yaradılan əlverişli şərait elmi-tədqiqat işlərinin sayının çoxalmasına, keyfiyyətin isə artmasına səbəb olub. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının əldə etdiyi elmi nailiyyətlərin nümayiş etdirilməsinə ciddi ehtiyac yaranıb. Belə sərginin keçirilməsində məqsəd elmin bugünkü nailiyyətlərini tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaqdır.
Rektor bu cür sərgilərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdıraraq 2019-cu ildə universitetdə Elm gününün qeyd edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər planında yer alan çoxsaylı tədbirlərdən danışıb.
Sonra sərgiyə baxış keçirilib.