Sumqayıt şəhər stadionunda yenidənqurma işləri sürətlə aparılır
Sumqayıt, 26 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda abadlıq-quruculuq işləri mərhələli şəkildə aparılır. Altmış il əvvəl istifadəyə verilən Mehdi Hüseynzadə adına şəhər stadionu yenidən inşa olunur. On min nəfərlik tutuma malik olan stadionda indi tamamlanma işləri sürətlə gedir.
Stadionun direktoru Nadir Quliyev AZƏRTAC-a bildirib ki, gələcəkdə beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulan idman arenasını “Aztəmirtikinti” şirkəti aparır.
“Artıq burada su anbarları, istixana və nasos stansiyası tikilib, hazırda mexaniki quraşdırılma işləri aparılır. Stadionun işıqlandırma, hava təmizləmə, istilik sistemlərinin quraşdırması yekunlaşır. Futbol meydançasını yenidən türk şirkəti qurur. Burada drenaj işləri həyata keçirilir. Meydançaya təbii ot örtüyü salınacaq. Demək olar ki, hər bir sahədə işlər tam gücü ilə sürətlə gedir”, - deyə N.Quliyev stadionun bu ilin sonunda istifadəyə veriləcəyini qeyd edib.