Sumqayıt teatrı yeni mövsümün virtual repertuarını müzakirə edib
Sumqayıt, 5 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında COVID-19 pandemiyası səbəbindən uzun müddət onlayn fəaliyyət göstərmiş rəhbər heyətin və inzibati işçilərin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətinin səmərəli və operativ mübarizəsindən danışıb. Bu müddət ərzində müvafiq şöbə əməkdaşlarının virtual repertuar siyasətinin qurulmasında mükəmməl xidmətlərini vurğulayıb, onlayn məşqlərin davam etdiyini söyləyib.
Teatrın direktoru bildirib ki, onlayn formada olsa da, məşqlər, yaradıcılıq müzakirələri davam edəcək. Zərurət yaranacağı halda müəyyən işçilərin fəaliyyəti yalnız göstərilmiş qaydalara əməl etmək şərti ilə mümkün olacaq.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün açılışı və eyni zamanda, cari ayda nümayiş olunacaq virtual repertuar planı barədə müzakirələr aparılıb.
Sonda teatrın direktoru Mübariz Həmidov kollektivə hər zaman virusla mübarizədə ehtiyatlı, tədbirli davranmağı, sosial məsafəni gözləməyi, tibbi maska və digər ləvazimatdan istifadə etməyi tövsiyə edib.